Milli Məclisin AvroNest Parlament Assambleyasında nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandırdığını bəyan edir. Bu barədə AvroNest PA-nın vitse-prezidenti, bu təşkilatda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun adından yayılan bəyanatda deyilir.
Qərar Avropa Parlamentinin “öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən” 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndinin qəbulu ilə əlaqədardır.
Qətnamənin 32-ci bəndinə əsasən, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ATƏT-in standartları və tələblərinə uyğun olmayıb.
“Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin öz müşahidə missiyasının nüfuzuna ciddi zərbə vuran, təxribat və iğtişaşlara sövq edən 23 oktyabr 2013-cü il tarixli Qətnaməsinin 32-ci bəndini qətiyyətlə rədd edir və araşdırmalar aparılıb müvafiq tədbirlər görülməyənə qədər bu qurumun yaratdığı AvroNest PA-da fəaliyyətini dayandırmaq məcburiyyətində qalır”, - deyə bəyanatda bildirilir.