Azərbaycanın Rus İcması Respublika Şurası Moskva sakini Yeqor Şerbakovun ölümü ilə əlaqədar başsağlığı verir və təəssüfləndiyini bildirir. Bu barədə icmanın bəyanatında qeyd olunur.
Oktyabrın 19-da qəbul edilən bəyanatı Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin cümə axşamı “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin ofisində keçirilən mətbuat konfransında oxuyub.
Onun sözlərinə görə, rus icması heç zaman Azərbaycanda çətinliklərlə üzləşməyib.
“Hətta Xalq Cəbhəsinin hakimiyyətdə olduğu ağır zamanlarda da ruslar çətinlik hiss etməyiblər”, - deyə o qeyd edib.
“Çeçenistanda müharibə zamanı Azərbaycanda da miqrantlarla bağlı problemlər olub. Özbaşınalıq hökm sürüb, qətllər törədilib. Lakin Heydər Əliyevin siyasəti o qədər düşünülmüş idi ki, bütün bu mənfi hallar mətbuatda yayılmadı. Sadəcə olaraq miqrantları avtobuslarla sakit və dinc şəkildə ölkə hüdudlarından kənara çıxardılar”, - deyə o vurğulayıb.
Bəyanatda təəssüflə qeyd edilir ki, şəhərin hüquq-mühafizə və nəzarət orqanlarının fəaliyyətsizliyi nəticəsində artan qanunsuz əmək miqrasiyasından qəzəblənən Biryulevo rayonunun sakinlərinin emosional etiraz hərəkətləri məişət zəminində baş verən bu hadisəyə heç bir aidiyyəti olmayan miqrantlara yönəlmişdi və təxribatçı qüvvələrin millətlərarası ədavəti qızışdırmaq məqsədinə xidmət edirdi.
“Mağazaların, ticarət nöqtələrinin talanması, gənclərin azğınlığı, cinayət törətməkdə şübhəli bilinən şəxsin saxlanması zamanı yol verilən zorakılıq, daha sonra bütün bunların televiziya kanalları və internetdə nümayiş olunması və bütün KİV-də saxlanılan şəxsin milli mənsubiyyətinə diqqətin yönəldilməsi yalnız bir amala xidmət edirdi – yaranan vəziyyəti süni şəkildə şişirtmək, ksenofobiya tendesiyasını gücləndirmək, qarşılıqlı ədavət toxumu səpmək. Bu halda Rusiya mətbuatı ictimaiyyətdə qeyri-slavyan millətindən olan şəxslərə qarşı mənfi münasibətin formalaşmasında köməkçi rolunda çıxış etdilər, bu isə sağlam düşüncəyə zidd idi”, - deyə bəyanatda vurğulanır.
Sənəddə Azərbaycan rəhbərliyinin yürütdüyü millərlərarası balanslaşdırılmış, düşünülmüş siyasətə, Azərbaycan xalqının respublikanın rus vətəndaşlarına qarşı dərin tarixi köklərə malik olan mehriban, tolerant münasibət yüksək qiymətləndirilir.
“Doğma evimizə çevrilən Azərbaycan hər vasitə ilə bizim mədəni və mənəvi məkanımızı qorumağa kömək edir. Burada cinayətkarın milli və dini mənsubiyyəti millətlərarası sülhü zərbə altına qoyan KİV tərəfindən heç vaxt süni şəkildə şişirdilən mövzu olmayıb. Eyni zamanda Rusiya bizim tarixi Vətənimiz – çoxmillətli dövlətdir, biz onun nüfuzuna laqeyd yanaşmırıq. Azərbaycan rusları Rusiyada baş verən hadisələrə, xüsusilə də xalqlarımız arasında münasibətə xələl gətirə biləcək hadisələrə hər zaman diqqət və ürək ağrısı ilə yanaşır, dostluq və qarşılıqlı anlaşma işinə töhfə verməyə çalışırlar”, - deyə bəyanatda bildirilir.
Sənədin müəllifləri ümid edirlər ki, “hər zaman mehribanlıq, tolerantlıq, qonaqpərvərlik hissinə malik olan ruslar və Rusiya ictimaiyyəti baş verən hadisəyə düzgün qiymət verəcəklər. Rusiya parlamenti və hökuməti isə ölkədə millətlərarası sülh və razılığın pozulmasının qarşısını alacaq tədbirlər görəcəklər. Baş verən insident hüquqi müstəvidə obyektiv həll olunacaq və müvafiq orqanlar millətçilik tendensiyaları, ksenofobiya və diskriminasiyanın inkişafına imkan verməmək üçün əllərindən gələni edəcəklər”.