SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) oktyabrın 23-də “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda yanğını söndürüb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
“ARDNŞ-in və ABŞ-ın “BOOTS & COOTS” servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb”,- deyə məlumatda bildirilir.
Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaq.
Xəbər verildiyi kimi, avqustun 17-də axşam “Bulla-dəniz” yatağının şimal-şərq qanadında 29 saylı dəniz özülündəki 90 saylı quyuda yanğın baş verib. Gecə saat 23.00-da 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.
Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıblar. Hal-hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyuda qazma işlərinə 2012-ci ilin noyabr ayında başlanılıb.
“Bulla-dəniz” yatağındakı 90 saylı quyuda baş vermiş qəzanın aradan qaldırılması üçün ARDNŞ prezidentinin əmri ilə komissiya yaradılıb.
Komissiyanin tərkibinə şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə üzrə təcrübəli mütəxəssisləri daxil edilib.