Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası İrana əməkdaşlıq şurası yaratmağı təklif edir. Bu barədə ASK-nın məlumatında bildirilir.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İranın Azərbayandakı səfirliyinin İqtisadi Məsələlər üzrə müşaviri Məhəmmədtaği Rizayanla görüşüb. Görüşdə Azərbaycan və İran sahibkarları arasında əməkdaşlığın genişlənməsi məsələləri müzakirə olunub.
Görüş zamanı M.Musayev ASK-nın İran şirkətlərinə Azərbaycanda fəaliyyəti üçün hərtərəfli kömək etməyə hazır olduğunu qeyd edib.
M.Rizayan öz növbəsində vurğulayıb ki, İran Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır.
Məlumatda qeyd olunur ki, ASK İran tərəfinə əməkdaşlıq şurası yaratmağı təklif edib. ASK-nın bir neçə ölkə ilə birgə əməkdaşlıq şurası yaradılmasına dair müsbət təcrübəsi var. Bu şura il ərzində bir neçə dəfə yığışaraq biznes sahəsinəki mövcud vəziyyəti müzakirə edir.
ASK 1999-cu ilin mart ayında təsis edilib. Hazırda 5 mindən artıq şirkət və sahibkarların 70 müxtəlif birliyi onun üzvüdür.