Oktyabrın 28-də Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri arasında yüksək səviyyəli görüş keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tədbirin təşkili və keçirilməsi təşəbbüsü oktyabr ayında BMT TŞ-də sədrlik edən Azərbaycan tərəfindən irəli sürülüb.
“Bu gün də davam edən ikinci sədrlik zamanı biz BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatı üzvləri arasında əlaqələrin möhkəmlənməsinə həsr olunmuş yüksək səviyyəli görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdik”, - deyə E.Abdullayev vurğulayıb.
O, 2012-2013-cü illərdə Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzvlüyünü yüksək qiymətləndirib. 2012-ci ilin may və oktyabr aylarında təşkilatda hər iki sədrlik dövründə Bakı maraqlı təşəbbüslərlə çıxış edib. Xüsusilə Azərbaycan BMT TŞ-nin sədri kimi terrorla mübarizə məsələlərinin müzakirəsi üçün yüksək səviyyəli görüşün təşkil edilməsi təşəbbüsünü irəli sürüb.
“Prezident İlham Əliyev 2012-ci ilin may ayında BMT TŞ-də çıxış edərək bildirib ki, Azərbaycan bu təşkilatda ədaləti müdafiə edəcək. Beynəlxalq təşkilatların terrorizmlə mübarizəsinə və bu sahədə əməkdaşlığına həsr edilmiş tədbirdə dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq birliyin vacib üzvüdür və müxtəlif ölkələrin və beynəlxalq təşkilatların terrorizmlə mübarizədə əməkdaşlığının inkişafı və möhkəmlənməsində maraqlıdır. Belə təşəbbüs və tədbirlər müxtəlif dövlət və təşkilatların ümumbəşəri bəlaya qarşı mübarizədə mövqelərinin yaxınlaşmasına kömək edir.
Azərbaycanın BMT TŞ-də birinci və ikinci sədrliyi zamanı bu iki vacib təşəbbüsdən əlavə, çox aktual mövzular üzrə: “Keçmiş münaqişə məkanındakı uşaqlar” və “Qadınlar, sülh və təhlükəsizlik” mövzularında debatlar keçirilib”, - deyə mətbuat katibi söyləyib.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.