İqtisadiyyat və Sənaye Nazirliyi makroiqtisadi sabitliyin təmin olunması üzrə öhdəlikləri çərçivəsində tədbirlərin keçirilməsini davam etdirəcək. Bu barədə nazir Şahin Mustafayev nazirliyin kollegiya iclasında bəyan edib.
Nazirliyin məlumatında qeyd olunur ki, iclasda prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və dövlət başçısının andiçmə mərasimindəki çıxışlarından irəli gələn tapşırıqların icrası, İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Ş.Mustafayev sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilib, Sumqayıt Kimya Sənaye Parkının ən qısa müddətdə fəaliyyətə başlaması, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının hazırlanması, növbəti 5 ildə bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlərin həll edilməsi, 2014-cü ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının davam etdirilməsi, yeni iş yerlərinin açılması üzrə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib.
O, ərzaq təhlükəsizliyinin təmin edilməsi, iri fermer təsərrüfatlarının yaradılması barədə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib.
Bundan başqa, Ş.Mustafayev istehlak bazarı üzərində nəzarət üzrə tədbirlərin keçirilməsini, nazirlikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin davam etdirilməsini, onlayn rejimdə sertifikat və lisenziyaların verlməsinin təşkilini gücləndirməyi tapşırıb.