Azərbaycan Hökuməti 2005-2013-cü illərdə biznes mühitin yaxşılaşdırılması üçün 18 islahat aparıb. Bu barədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “"Doing-Business-2014: Kiçik və orta müəssisələrdə fəaliyyətin tənzimlənməsi” hesabatında qeyd edilir.
Bu islahatların aparılması Azərbaycana 2005-ci ildən bəri aparılan islahatların səmərəliliyinə görə dünyanın 15 aparıcı dövləti sırasına daxil olmaq imkanı verib.
“Doing-Business-2014” hesabatına əsasən, biznesin elektron qeydiyyatının genişlənməsi nəticəsində “Biznesin başlanması” indikatoru üzrə Azərbaycan ilk dəfə 10-cu yerdə qərarlaşıb və Sinqapur, Yeni Zelandiya, Honkonqla yanaşı, dünyada ən yaxşı təcrübəyə malik olan ölkə kimi qeyd edilib.
Tikinti Məcəlləsinin tətbiq edilməsi Azərbaycannın “tikinti üçün icazə alınması” indikatoru üzrə islahatçı ölkələr sırasına daxil olmasına imkan verib.
Gömrük prosedurlarının sadələşdirilməsi Azərbaycanın “beynəlxalq ticarət” göstəricisi üzrə islahatçı ölkələr sırasına daxil olmasına şərait yaradıb. “Azərbaycan beynəlxalq ticarətdə “bir pəncərə” prinsipinin tətbiq edilməsi nəticəsində Sinqapur kimi inkişaf etmiş ölkə ilə bir sırada dayanıb və örnək göstərilən ölkələr siyahısına daxil olub”, - deyə hesabatda qeyd edilir.
Bundan əlavə, gömrük sistemində “bir pəncərə” prinsipi qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla tətbiq edilib. Əgər əvvəllər nəzarət-buraxılış məntəqələrində gömrük rəsmiləşdirilməsi üçün 2-3 saat vaxt sərf olunurdusa, islahatlar nəticəsində bu vaxt 15-20 dəqiqəyə qədər azalıb.
Xəbər verildiyi kimi, “"Doing-Business-2014” hesabatında Azərbaycan 189 ölkə arasında 70-ci yeri tutub.