Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 29-da Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Deputatlar Palatasının müvəkkili Klaudio Kajadonu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edən Klaudio Kajado oktyabrın 9-da Azərbaycan xalqının müdrik seçim etdiyini vurğulayıb. Braziliyalı qonaq iştirak edəcəkləri III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edib. Nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini deyən K.Kajado yeni yaradılan Braziliya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
İ.Əliyev Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğun qeyd edən prezident bu yaxınlarda Braziliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim etməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də böyük imkanların olduğunu deyib, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılmasını əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. III Bakı Beynəlxalq Humanitar Forumunun önəmini vurğulayan İ.Əliyev Forum çərçivəsində keçiriləcək görüşlərin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.