Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 249 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 3760 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 10,7 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cərşənbə axşamı Mərdəkan qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Tədbirdə Ş.Abdullayev qeyd edib ki, 2011-2013-cü illərdə Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən sahibkarlara 631 investisiya layihəsinin həyata keçirilməsi üçün 145,8 mln. manat məbləğində güzəştli kredit verilib. Layihələrin həyata keçirilməsi 5 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verib.
“Tədbir çərçivəsində 17 sahibkarlıq subyekti 676 min manat məbləğində güzəştli kredit alıb. Verilən keditlər heyvandarlıq, toxuculuq, tərəvəzçilik, tikinti materialları, çörək istehsalı və s. sahələrdə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu layihələrin maliyyələşdirilməsi 50-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 275 mln. manat məbləğində kredit verməyi planlaşdırır.