Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında sığorta fəaliyyətinin inkişafına yönəlmiş mövcud qanunvericiliyə düzəlişlər paketini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin iclasda iştirak edən müxbiri xəbər verir.
Milli Məclis xüsusilə “Sığorta fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların icbari sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri qəbul edib.
Düzəlişlərin əsas məqsədi sığortaçıların maliyyə sabitliyinin möhkəmləndirilməsi, aktuarilərin fəaliyyəti üçün hüquqi çərçivələrin, elektron sığorta polislərinin bağlanması və polislərin internet vasitəsi ilə satılması üçün şəraitin yaradılması, hərbi qulluqçulara sığorta ödənişlərinin həyata keçirildiyi halların siyahısının dəqiqləşdirilməsidir.
İnzibati Xətalar Məcəlləsinə düzəlişlər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta polisinin olmamasına görə cərimə tətbiq edilməsini nəzərdə tutur. Düzəlişlərə əsasən, sözügedən icbari sığorta polisinin olmamasına görə fiziki şəxslərin 500 manat, vəzifəli şəxslərin 1,5 min manat, hüquqi şəxslərin 5 min manat cərimə edilməsi təklif olunur.
Bundan əlavə, “ Sığorta fəaliyyəti haqqında” qanuna düzəlişlərdə xarici kapitalın sığorta bazarına daxil olması üçün liberallaşma nəzərdə tutulur. Hazırda qanunvericiliyə müvafiq olaraq Azərbaycanda sığorta şirkətlərinin səhmdarları yalniz xarici sığorta şirkətləri ola bilərlər. Maliyyə Nazirliyinin hazırladığı düzəlişlər peşəkar sığortaçı olmayan xarici fiziki və hüquqi şəxslərin sığorta bazarına daxil olmasının liberallaşmasına imkan yaradacaq.
“Sığorta fəaliyyəti haqqında” qanunun 20.1-1 maddəsinə düzəlişlərə əsasən, sığortaçının nizamnamə kapitalında bir xarici fiziki şəxsin payı səhmlərin 10%-dən, xarici fiziki şəxslərə məxsus payların ümumi həcmi 30%-dən çox ola bilməz.
Bundan başqa, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları, xarici sığortaçılar, həmçinin xarici institutisional investorlar (bank və kredit təşkilatları, pensiya fondları, investisiya fondları) istisna olmaqla, digər xarici hüquqi şəxslərin sığortaçının nizamnamə kapitalındakı ümumi payı səhmlərin 50%-dən az olmalıdır.