Suriyalı üsyançılar ölkənin şimal-şərqində, Türkiyə sərhədi yaxınlığında kürd dəstələrinə qarşı kimyəvi silahdan istifadə ediblər. Bu barədə çərşənbə günü Livanın “Əl-Mayyadin” telekanalı məlumat verib.
Telekanalın məlumatına əsasən, hücum bir gün əvvəl kürd dəstələrinin Suriyanın Əl-Hasaka şəhərindəki hərbi postu yaxınlığında baş verib. Lakin bu barədə məlumat çərşənbə günü daxil olub.
Kürdlər onların mövqelərinə atılan mərmi partladıqdan sonra tüstü görüblər. Daha sonra onlardan bir neçəsi ürəkbulanma ilə müşayiət olunan güclü kimyəvi zəhərlənmə simptomları hiss edib.
Hücum şəhər uğrunda gedən döyüşlərin ikinci günü baş verib.
Xəbər verildiyi kimi, rəsmi Dəməşq Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) ilə əməkdaşlıq edir və öz ərazisində kimyəvi silahların ləğv edilməsi üzrə iş aparır.
KSQT tərəfindən təklif edilmiş qrafikə əsasən, Dəməşq noyabrın 1-nə qədər kimyəvi silah istehsalı üzrə bütün gücləri məhv etməli, 2014-cü ilin yayına qədər isə zəhərləyici maddələrdən ibarət arsenalı tamamilə ləğv etməlidir.