Hesablama Palatası “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihələrinə dair rəyləri Milli Məclisə təqdim edib. Bu barədə palatanın saytında məlumat verilir.
Məlumata əsasən, Hesablama Palatasının kollegiya iclasında Azərbaycan Respublikasının və Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcələrinin layihələrinə dair rəylər müzakirə edilib.
2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin strukturunda 9 mlrd. 337 mln. manat Azərbaycan Dövlət Neft Fondundan transfertlərin payına düşür.
2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 102 mln. manat, Dövlət Gömrük Komitəsindən daxilolmalar 1 mlrd. 510 mln. manat həcmində proqnozlaşdırılır. Qalan məbləğ digər gəlirlərin payına düşəcək.
Gələn il dövlət büdcəsinin xərcləri 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır.
2014-cü ildə ümumdövlət xərcləri 1 mlrd. 996,78 mln. manat, təhsil xərcləri 1 mlrd. 653,445 mln. manat, səhiyyə xərcləri 425,586 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 2 mlrd. 72,234 mln. manat, müdafiə xərcləri 1 mlrd. 637,362 mln. manat səviyyəsində nəzərdə tutulub.
Gələn il kapital qoyuluşları 6 mlrd. 260 mln. manat həcmində proqnozlaşdırılıb. Qalan məbləğ digər xərclərin payına düşür.
2014-cü ildə dövlət büdcəsinin sosial xərcləri 5 mlrd. 337,3 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2013-cü il üçün nəzərdə tutulmuş göstəricidən 5,9% çoxdur.
2014-cü ildə dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.
DSMF-in 2014-cü il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 2 mlrd. 928,5 mln. manat səviyyəsində proqnozlaşdırılır.