Vergilər Nazirliyi “vergi dostları” şəbəkəsini Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarından 78 nəfər kənd orta məktəb müəllimi ilə genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Müəllimlər Vergilər Nazirliyi ilə tədris mərkəzləri tərəfindən hazırlanan xüsusi tədris proqramı çərçivəsində treninqlər keçiblər. Onlar kənd və qəsəbələrdə vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu işə ictimaiyyətin geniş təbəqəsini cəlb etmək sahəsində çalışacaq.
“Layihə məcburi vergi yığımından könüllü vergi yığımına keçid prosesini sürətləndirmək məqsədi daşıyır. Bu gün müəllimlərə sertifikat və kompyuter, data kart, internetə qoşulmaq kimi texniki təchizatlar təqdim edilib”, - deyə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib.
“Bu gün keçirilən tədbirə qədər respublika üzrə 1252 nəfər müəllim “vergi dostu” olub”, – deyə nazir müşaviri qeyd edib.