Azərbaycan Fransa ilə qarşılıqlı ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasında maraqlıdır. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
Nazirliyin məlumatında qeyd olunur ki, Ş.Mustafayev oktyabrın 30-da Bakıda səfərdə olan Fransa Parlamentinin deputatlarının, bir sıra regionlarının rəhbərlərinin, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federico Kasteluçinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Nazir bildirib ki, Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivalları iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Bu yaxınlarda Gəncədə Şərab Festivalının keçiriləcəyini xatırladan Ş.Mustafayev belə tədbirlərə marağın artdığını, sərgi, təqdimat və biznes forumların ikitərəfli əlaqələrin inkişafında müsbət rolunu qeyd edib. O, iki ölkə arasında ticarət əlaqələrinin uğurla davam etdiyini vurğulayaraq qarşılıqlı ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Nazir ölkəmizdə investorlar üçün əlverişli şərait yaradıldığını söyləyib.
Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, iqtisadi sahədə, o cümlədən kənd təsərrrüfatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib.