Bakı Beynəlxalq Humanitar Forumu birləşdirici xarakter daşıyır və elm, təhsil, mədəniyyət və incəsənət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə kömək edir. Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin III Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarına ünvanladığı müraciətin mətnində deyilir.
“Bu böyük beynəlxalq tədbirin nüfuzu ildən-ilə artır və bu dəfə Azərbaycan və Rusiya rəhbərlərinin himayədarlığı altında keçirilən forum dünyanın onlarla ölkəsindən olan görkəmli siyasətçiləri, alimləri və ziyalıları bir araya gətirib”, - deyə V.Putinin məktubunda deyilir. Məktub Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy tərəfindən oxunub.
Sənəddə qeyd edilir ki, forumun gündəliyi getdikcə daha dolğun və məzmunlu xarakter alır.
“Gündəliyin birləşdirici xarakteri, iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üzrə ümumi səyləri dəyişməz olaraq qalır. Əminəm ki, forumda məzmunlu və faydalı diskussiyalar, yeni ideya və təşəbbüslər real işlərdə və layihələrdə öz əksini tapacaq, xalqlar arasında etimad, qarşılıqlı anlaşma və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcək”, - deyə Rusiya prezidenti məktubunda vurğulayıb.