Qarabağ probleminin həll edilməməsi bu regionun potensialının tam şəkildə reallaşdırılmasına mane olur. Bu barədə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl bu gün III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bu gün də regionun potensialının tam reallaşdırılmasına əngəl törədir”, - deyə S.Dəmirəl bildirib. O, münaqişənin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması əsasında və sülh yolu ilə həllinin vacib olduğunu deyib.
“Ermənistan Azərbaycan və eyni zamanda Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasının ona verəcəyi üstünlükləri anlamalıdır.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq olmadan sülh və sabitliyi təmin etmək qeyri-mümkündür və bu işdə iqtisadi əməkdaşlıq mühüm rol oynayır, çünki iqtisadi qarşılıqlı asılılığın yaranması ümumi vəzifələrin birgə həll edilməsi üçün yeni imkanlar yaradır.
S.Dəmirəl “ərəb baharı” hadisələrinin baş verdiyi regionlarda, xüsusilə Suriyada sabitliyin təmin edilməsi , eləcə də Afrikada yoxsulluq məsələlərini birlikdə həll etməyə çağırıb.
O, Azərbaycan xalqını və İlham Əliyevi onun üçüncü dəfə prezident seçilməsi münasibəti ilə təbrik edib.
Sabiq prezident qeyd edib ki, Azərbaycan bu gün dünyanın əhəmiyyətli siyasi, sənaye və mədəni mərkəzlərindən birinə çevrilib və respublikanın paytaxtı bu cür tədbirlərin keçirilməsi üçün ən münasib şəhərlərdən biridir.
Humanitar sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edən S.Dəmirəl bildirib ki, “dünya miqyaslı növbəti müharibə yoxsulluq və savadsızlığa qarşı olmalıdır”.
“Biz yeni kreativ ünsiyyət formaları hazırlamalıyıq və bura cəmiyyətin bütün təbəqələri cəlb olunmalıdır”, - deyə S.Dəmirəl bildirib.