Gürcüstan Daxili İşlər Nazirliyi prezident postundan getmiş Mixail Saakaşvilinin 248 məhbusu əfv etməsini məsuliyyətsizlik hesab edir. Nazirlik bu məhbusların arasında ağır cinayətlər törətmiş cinayətkarların da olduğunu bildirir.
Cümə axşamı Gürcüstan DİN-dən jurnalistlərə bildirilib ki, əfv olunanlar arasında 15 nəfər qəsdən qətl törətməyə cəhddə, 4 nəfər qətl törətməkdə, 32 nəfər qarətdə, 70 nəfər narkotiklərlə əlaqədar və s. cinayətlərdə ittiham olunaraq həbs edilmişdi.
“Əfv olunmuş şəxslər arasında zorakılıq, özgə əmlakını mənimsəmə, rüşvətxorluq, girov götürmə, polisə müqavimət göstərmə, xuliqanlıq, qaçaqmalçılıq, sərhədləri qanunsuz keçmə və digər cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslər də var”,- deyə DİN-dən bildirilib.
DİN “ bu cür əfv etmə aktını yolverilməz və məsuliyyətsiz” hesab edir.
Bununla yanaşı, nazirlik xatırladıb ki, M.Saakaşvili son 1 ildə 2200-dən çox məhbusu əfv edib. Onlardan 240 nəfəri təkrar cinayət törətdiyinə görə yenidən saxlanılıb.