Vergilər Nazirliyi 2013-cü ilin yanvar-sentyabr aylarında 4 101 obyektdə işçilərlə əmək müqaviləsinin bağlanmaması faktları aşkar edib. Bu barədə Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev məlumat verib.
“Vergilər Nazirliyi yanvar-sentyabr aylarında əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən işçilərin üzə çıxarılması ilə əlaqədar 8266 obyektdə yoxlama aparıb. Yoxlamalar zamanı müəyyən edilib ki, 4 101 obyektdə (49,6%) işçilər əmək müqaviləsi olmadan işə götürülüblər”, - deyə İ.Əmirəliyev “Vergilər” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, aşkar edilən qanun pozuntuları nəticəsində obyekt sahiblərinə qarşı 7 mln. 290 min manat məbləğində cərimə tətbiq olunub.
“2012-ci ildə 1 mln. 944,6 min manat məbləğində ödənilməyən cərimələr nəzərə alınmaqla, 1 oktyabr 2013-cü il tarixinə onların ümumi həcmi 9 mln. 234,6 min manat təşkil edib. Vergi ödəyiciləri tərəfindən bu məbləğin 7 mln. 325,1 min manatı və ya cərimələrin 79,3%-i artıq ödənilib”, - deyə idarə rəisi qeyd edib.