Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı planlaşdırılan görüşündən əvvəl hər iki ölkə ziyalılarının növbəti görüşünün keçirilməsi təklif olunub. Bu barədə cümə axşamı jurnalistlərə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
O, Azərbaycan Xarici İşlər Nazirliyi ilə bu haqda məsləhətləşmə aparacaqlarını deyib: “Biz daha əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən qabaq ziyalıların görüşməsi mümkünlüyündən danışmışdıq”,- deyə o, III Bakı Beynəlxalq Humanitar Forumunun kuluarlarında söyləyib.
M.Şvıdkoy iki ölkə ziyalıları arasında əlaqələrin vacibliyini qeyd edib.
“Biz bu işlə uzun illərdir məşğuluq. İstənilən siyasi qərarlar qəbul etmək olar, lakin xalqlar bu siyasi qərarların niyə qəbul olunduğunu anlamasa, onları həyata keçirməyəcəklər. Əgər Azərbaycan xalqı Ermənistan tərəfi ilə və ya əksinə Ermənistan Azərbaycan xalqı ilə bu və ya digər sazişi nə məqsədlə bağlamaq lazım olduğunu başa düşməsə, heç nə alınmayacaq”, - deyə vurğulayıb.
Ermənistan tərəfinin təklifə münasibəti barədə sualı cavablandıran M.Şvıdkoyun sözlərinə görə, belə razılığa gəlinib ki, Azərbaycanda seçkilərdən sonra bu məsələ ilə bağlı məsləhətləşmələr davam etdirilsin.