ABŞ hesab edir ki, Suriyada kimyəvi silah arsenalının məhv edilməsi beynəlxalq birliyin tələb etdiyi kimi, nəzərdə tutulan vaxtda - 2014-cü ilin iyun ayına qədər uğurla başa çatacaq.
“Suriyada kimyəvi silah ehtiyatları möhürlənib, onların istehsal edildiyi yerlərin istifadəsi qadağan edilib ki, bu da sülh konfransının çağırılması üzərində işləyən beynəlxalq birliyin ilk uğuru deməkdir”, - deyə ABŞ-ın Suriyadakı səfiri Robert Ford Senatın Beynəlxalq İşlər üzrə Komitəsinin iclasında çıxışı zamanı bildirib.
Daha əvvəl ABŞ dövlət katibinin beynəlxalq təhlükəsizlik və yayılmama məsələləri üzrə köməkçisi Tomas Kantrimen Suriyada kimyəvi arsenalın tam məhv edilməsinin müddəti haqqında müsbət proqnoz vermişdi.
“Mən getdikcə daha çox əmin oluram ki, Suriyada kimyəvi silah arsenalının gələn ilin iyun ayının 30-na qədər məhv edilməsi ilə bağlı qarşıya qoyulmuş tapşırığın öhdəsindən gələcəyik”, - deyə o bildirib.
“Əməliyyatın başa çatdırılması üçün verilən vaxt məhdud olsa da, bunu etmək mümkündür”,- deyə T.Kantrimen söyləyib.