Kütləvi İnformasiya Vasitələri mədəniyyətlərarası dialoqda mühüm rol oynayır və müxtəlif dövlətlər və xalqlar arasında hərtərəfli əlaqələrin qurulmasına xidmət edirlər. Bu barədə “AzərTAc” Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov bəyan edib.
“Mədəniyyətlərarası dialoq nisbətən yeni anlayışdır və yaxın vaxtlara qədər o qədər də aktual deyildi”, - deyə o, III Bakı Humanitar Forumu çərçivəsində “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” adlı tematik seksiyada bildirib.
“AzərTAc”ın rəhbərinin sözlərinə görə, bu gün dünyada mədəniyyətlərarası dialoqun aparılması üçün platforma təqdim edən bir sıra nüfuzlu beynəlxalq təşkilatlar var.
“Söhbət BMT, Avropa Şurası və digər nüfuzlu təşkilatlardan gedir. UNESCO və İSESCO kimi təşkilatlar da mədəniyyətlərarası dialoqun inkişafı ilə fəal məşğul olurlar, lakin cəmiyyətin bütün təbəqələrinin yardımı və iştirakı olmasa, bu vəzifənin öhdəsindən gəlmək onlar üçün çətin olacaq”, - deyə A.Aslanov vurğulayıb.
“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” adlı seksiya üç paneldən ibarətdir: “Yeni texnologiyalar və müasir media”, “KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru” və “Ənənəvi jurnalistika və sosial şəbəkələr”.
“İTAR-TASS” İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatoru olduğu “Yeni texnologiyalar və müasir media” panelində çıxış edənlər yeni texnologiyaların tətbiqi üçün əlverişli zəmin yaradan müasir media məsələlərinə toxunacaqlar. Natiqlər hi-tech texnologiyasının nailiyyətləri ilə ayaqlaşmağın və onları zamanında gündəlik işdə tətbiq etməyin vacibliyini qeyd edirlər.
“KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru” paneli KİV kontekstində sivilizasiyalararası dialoq probleminin müzakirəsinə həsr olunub. Tədbirin bu hissəsində çıxış edən ekspertlər qloballaşmanın ənənəvi mediaya təsiri, eləcə də insanların mövcudluğu və rifahı ilə bağlı qlobal ümumbəşəri humanitar problemlərin aktuallaşması şəraitində jurnalistikanın rolunu nəzərdən keçirəcəklər.
Bu seksiyanın iştirakçıları yeni minillikdə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında dini və millətlərarası tolerantlıq mövzusunun daha da aktuallaşdığı bir vaxtda yaxınlaşma, anlaşma və dözümülülüyün möhkəmlənməsinə yardım sahəsində jurnalistikanın xüsusi rolunu müzakirə edəcəklər.
“Ənənəvi jurnalistika və sosial şəbəklər” panelində çıxış edənlər öz məruzələrində ənənvi informasiya sənayesi və sürətlə inkişaf edən sosial media arasında əlaqələrə toxunacaqlar.
Seksiya iştirakçıları III Bakı Beynəlxalq Forumunun bəyannamə layihəsinə dair fikirlərini də bildirəcəklər.