Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə kompüter texnologiyalarının təkmilləşdirilməsi istiqamətində dünya alimlərinin səylərinin birləşdirilməsini vacib hesab edir.
“Bu gün biz kvant hesablamaları, materiyanın tədqiqində nailiyyətlər, yaşıl enerji kimi bir sıra istiqamətlərdə müzakirələr aparırıq. Hazırda əsas məsələ kompüter texnologiyalarının təkmilləşdirilməsidir ki, bu da kvant fizikası kimi elmi istiqamətin inkişafından asılıdır”, - deyə A.Əlizadə cümə günü III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən tədbirin kuluarlarında bildirib. Onun sözlərinə görə, fizika və biologiya bir-birinə yaxın elmlərdir və bu elmlər bir araya gətirildikdə vahid nəticə verə bilərlər.
“Bugünkü forumun ideyası elmi müzakirələrin və polemikanın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Müzakirələr başa çatdıqdan sonra bəyannamənin qəbul edilməsi planlaşdırılır”, - deyə AMEA prezidenti bildirib.