Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvaya qaçaqmalçılıq yolu ilə 212 kiloqram həşişin gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə MTN İctimai Əlaqələr Mərkəzinin məlumatında deyilir.
MTN və FTX-nin həyata keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində 1967-ci ildə Göyçay rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı Abdullayev Nadir Məhəmməd oğlu və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə 210 kiloqram həşişi Moskva şəhərinə gətirərkən yaxalanıblar. Müəyyən edilib ki, həmin narkotik vasitələr əvvəlcədən əldə olunmuş razılığa əsasən qaçaq yolla Avropa ölkələrindən birinin ərazisinə keçirilib və sonradan oradan satış üçün Rusiya Federasıyasına idxal olunan güllərin içərisində gizlədilib.
MTN tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasının qarşısı alınıb, Azərbaycan Respublikasının vətəndaşları - Məmmədova Leyla Həsən qızı və Qodunova Lyubov İvanovna şübhəli şəxs qismində tutulublar. Onlardan təxminən 205 qram heroin aşkar edilərək götürülüb.
MTN-nin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Allahverdiyev Vüsal Natiq oğlu, İsmayılov Yasim Yusif oğlu və Məmmədov Məhəmmədli Elgiz oğlu şübhəli şəxs qismində tutulub, onlardan narkotik vasitə olan 1 kiloqram 762 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.