III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları bir çox ölkələrin, o cümlədən Azərbaycanın multikulturalizm sahəsində nailiyyətlərini qeyd edirlər.
Forumun yekunlarına dair qəbul edilən bəyannamədə müxtəlif ölkələrin cəmiyyətdə konsensusun əldə olunmasına yönələn siyasətinin tərkib hissəsi kimi bu istiqamətdə toplanmış təcrübənin öyrənilməsinin zəruriliyi qeyd olunur.
Sənədin müəllifləri ksenofobiya, irqçilik və dözülməzliyin qarşısının alınması, eləcə də tolerantlıq mədəniyyətinin formalaşması məqsədilə kütləvi informasiya vasitələrində multikulturalizm problemlərinin işıqlandırılmasının əhəmiyyətini vurğulayırlar.
“İdarəetmə və istehsal texnologiyalarının konvergensiyası ilə əlaqədar müasir çağırış və təhdidlər qlobal xarakter alıb və cəmiyyətin inkişafında yeni əsas ideyaların aşkar edilməsi baxımından dünya birliyinin daha çox diqqətini tələb edir”, - deyə bəyannamədə bildirilir.
Tədbir iştirakçıları postmodern dövründə müxtəlif milli özünüdərketmə təzahürlərinə qayğı və hörmətlə yanaşma, dözümlülük, dialoq, etimad və qarşılıqlı anlaşma şəraitində əməkdaşlığın sülh və təhlükəsizliyin ən yaxşı qarantı olduğuna əminlik ifadə ediblər.