SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bu ölkədəki fəaliyyətində problem olacağını düşünmür. Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev söyləyib.
“Gürcüstanın baş naziri Bidzina İvanişvili yeni baş nazir İrakli Qaribaşvilinin namizədliyini elan edib. İ.Qaribaşvili ilə bizim əvvələr sıx əlaqələrimiz olub, müəyyən dövrdə o, layihələrimizin həyata keçirilməsində bizə böyük dəstək göstərib. Düşünürük ki, bu dəstək eyni ruhda da davam etdiriləcək. Bu məsələdə (hakimiyyət dəyişikliyi ilə əlaqədar - İF-Az) problem görmürəm”,- deyə o bildirib.
R.Abdullayev qeyd edib ki, SOCAR Gürcüstanın yeni seçilmiş prezidenti G.Marqvelaşvili ilə onun hələ təhsil naziri olduğu dövrdə əməkdaşlıq əlaqələri qurub.
“SOCAR Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr üçün təqaüd proqramı həyata keçirir. Bundan başqa, biz Marqvelaşvili ilə birgə SOCAR layihələrində texniki mütəxəssis kimi çalışacaq 30 gürcü tələbənin seçilməsi proqramına başlamışıq. Bu proses artıq başlayıb”, - deyə R.Abdullayev vurğulayıb.