Hesablama Palatası Milli Məclisə 2014-cü il dövlət büdcəsi layihəsini qəbul etməyi tövsiyə edib. Bu barədə Hesablama Palatası sədrinin birinci müavini Adil Məhərrəmov bazar ertəsi parlament komitələri tərəfindən 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, Hesablama Palatası gələn il üçün dövlət büdcəsi layihəsini təhlil edib və hesab edir ki, sənəd qanunvericiliyin tələblərinə müvafiq olaraq hazırlanıb və iqtisadi reallıqlara cavab verir.
A.Məhərrəmov qeyd edib ki, 2014-cü ildə Azərbaycanda ÜDM artımı 5,2% səviyyəsində proqnozlaşdırılır və beynəlxalq maliyyə institutlarının proqnozlarına əsasən, respublikada iqtisadi artım iqtisadi cəhətdən inkişaf etmiş ölkələr və MBD ölkələri ilə müqayisədə yüksək olacaq.
Onun sözlərinə görə, Azərbaycan makroiqtisadi sabitliyin səviyyəsinə görə dünyanın aparıcı ölkələri sırasına daxildir.
A.Məhərrəmov vurğulayıb ki, 2014-cü il dövlət büdcəsi layihəsində xərclərin ilk dəfə 20 mlrd. manatdan çox artımı, yerli büdcələrin xərclərinin ödənilməsi üçün dotasiyaların azaldılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminin 2013-cü illə müqayisdə 17,7% azalması, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı müsbət məqamlardandır.
Hesablama Palatası sədrinin birinci müavini əlavə edib ki, 2014-cü ildə büdcə təşkilatlarının pullu xidmətlərin göstərilməsindən həcmi 400 mln. manat təşkil edəcək gəlirlərinin dövlət büdcəsinin gəlir mənbəyi kimi daxil edilməsi faktı da müsbət məqamdır.