Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi layihəsi üzrə konsorsium bu boru kəmərinin çəkilməsi üçün torpaqların seçiliməsinə başlayıb. Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Hazırda layihənin reallaşdırılması çərçivəsində hərtərəfli injinirinq həyata keçirilir. O cümlədən bütün qaz boru kəməri marşrutu boyu geoloqlarımız işləyir və Türkiyənin BOTAS şirkəti ilə birgə TANAP qaz kəmərinin keçəcəyi torpaqların seçilməsi prosesi gedir”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 26-da İstanbulda TANAP qaz kəmərinin tikintisi layihəsi üzrə sənədlər paketi imzalanıb.
Trans-Anadolu Pipeline qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsinin dəyəri $10-11 mlrd. həcmində qiymətləndirilir.
TANAP layihəsində Türkiyənin BOTAS və TRAO şirkətləri 20%, SOCAR 80% paya malikdir. Bununla yanaşı, SOCAR səhmlərin 51%-ni özündə saxlamaq niyyətindədir, qalan 29%-ni isə BP (12%), “Statoil” (12%) və TOTAL (5%) şirkətlərinə təklif edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir. “Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci il üçün nəzərdə tutulub. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək.