Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2014-cü ildə Trans-Anadolu qaz kəmərinin tikintisi layihəsində (Trans Anadolu Pipeline, TANAP) Azərbaycanın payının maliyyələşdirilməsinə 800 mln. manat vəsait ayıracaq. Bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bazar ertəsi parlament komitələri tərəfindən 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.
“2014-cü ildə TANAP layihəsinin reallaşdırılmasına ARDNF-in büdcəsindən 800 mln. manat vəsaitin yönəldilməsi planlaşdırılır. Bundan əlavə, 2014-cü ildə Türkiyədə “Star” NEZ-in tikintisi layihəsində Azərbaycan hökumətinin payının (40%) maliyyələşdirilməsi üçün 223 mln. manat ayrılacaq”,- deyə Ş.Mövsümov qeyd edib.
Onun sözlərinə görə, gələn il fondun büdcəsindən Azərbaycanda yeni neft-kimya və neft emalı kompleksinin tikintisi üçün 285 mln. manat, yüksəksürətli internetlə təmin olunmaq üçün fiberoptik xətlərin çəkilməsi layihəsinin reallaşdırılmasına 100 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub.
Ş.Mövsümov əlavə edib ki, 2014-cü ildə ARDNF büdcəsindən qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına 300 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisinə 132 mln. manat, Samur-Abşeron suvarma sisteminin tikintisinə 80,2 mln. manat, azərbaycanlı tələbələrin xaricdə təhsil proqramının maliyyələşdirilməsinə 33,7 mln. manat vəsait ayrılacaq.
Trans-Anadolu Pipeline qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsinin dəyəri $10-11 mlrd. həcmində qiymətləndirilir.
TANAP layihəsində Türkiyənin BOTAS və TRAO şirkətləri 20%, SOCAR 80% paya malikdir. Bununla yanaşı, SOCAR səhmlərin 51%-ni özündə saxlamaq niyyətindədir, qalan 29%-ni isə BP (12%), “Statoil” (12%) və TOTAL (5%) şirkətlərinə təklif edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və TPAO (9%) şirkətləridir. “Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci il üçün nəzərdə tutulub. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək.