İzmirdə yeni konteyner terminalının tikilməsi "Petkim" şirkətindən yeni gəlir əldə etməyə imkan yaradacaq. Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
“Bu layihənin maliyyələşdirilməsi ilə bağlı bütün məsələlər artıq həll edilib, tender keçirilib və podratçılar seçilib. Hazırda torpaq işləri həyata keçirilir”, - deyə R.Abdullayev söyləyib.
Onun sözlərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan terminalın təməlqoyma mərasimində iştirak etmək istədiyini bildirib.
“Türkiyədə ən iri və dərin terminalın tikintisi 1,5 il davam edəcək. Bu layihə "Petkim" şirkətindən əlavə gəlir əldə edilməsinə imkan yaradacaq”, - deyə R.Abdullayev vurğulayıb.
Bununla yanaşı, Türkiyə mətbuatı “SOCAR Turkey Enerji” şirkətinin icraçı direktoru Kənan Yavuza istinadən terminalın təməlqoyma mərasiminin bu il noyabrın 13-də baş tutacağı barədə məlumat yayıb.
K.Yavuzun sözlərinə görə, layihəyə ümumilikdə $400 mln. investisiya qoyulacaq.
Xəbər verildiyi kimi, Türkiyənin SOCAR-a məxsus “Petkim Petrokimya Holding”i və Niderlandın “APM Terminals” şirkəti arasında 2013-cü ilin fevral ayında konteyner terminalının tikintisi və istismarı haqqında müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, Niderland şirkəti 28 il ərzində terminalı idarə edəcək. Terminalın ilkin gücü 1,5 mln. konteynerə bərabər olsa da, bunun 4 mln. konteynerə qədər genişləndirilməsi nəzərdə tutulur. Tikinti işlərinin birinci mərhələsi 2015-ci ildə, ikinci mərhələsi 2016-cı ildə başa çatacaq.
Bu terminal regionda ən böyük inteqrasiya və logistika mərkəzi olacaq.
Xəbər verildiyi kimi, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın törəmə strukturu) “Petkim Petrokimya Holding”in səhmlərinin nəzarət paketinin (51%) sahibidir. Şirkət, həmçinin İzmirdə yeni NEZ və konteyner limanının tikintisi ilə məşğul olur.