Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin nizamlanmasına dair dialoqun davam etdirilməsi üçün Ermənistanın dövlət başçısı Serj Sarqsyanla görüşməyə hazırdır. Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bazar ertəsi Bakıda jurnalistlərə məlumat verib.
“Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində Ermənistanın dövlət başçısı Serj Sarqsyanla görüşməyə hazırdır”, - deyə vasitəçi bildirib.
Onun sözlərinə görə, Minsk Qrupunun vasitəçilərinin bazar ertəsi prezident İlham Əliyevlə görüşü zamanı hər iki dövlət başçısının növbəti görüşünün təşkili məsələsi müzakirə edilib.
“Bu gün müzakirə etdiyimiz məsələlər arasında sammitin keçirilməsi məsələsi də olub. Azərbaycan prezidenti prinsipial razılıq verib. İndi biz Ermənistana səfər edəcəyik və prezident Sarqsyanla danışıqlardan sonra hər iki prezidentin mövqeyinin əks olunduğu müvafiq bəyanat dərc edəcəyik. Biz sammitin bu ilin sonuna kimi keçiriləcəyinə ümid edirik”, - deyə İ.Popov vurğulayıb.