Maliyyə naziri Samir Şərifov gələcəkdə kommunal xidmətlərin tariflərinin artırılacağını istisna etmir və bunu təbii hesab edir.
“Gələcəkdə kommunal xidmətlərin tariflərinin artırılacağı istisna olunmur və bunu təbii proses kimi qiymətləndirmək lazımdır”, - deyə S.Şərifov bazar ertəsi parlament komitərləri tərəfindən 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Bununla belə nazir kommunal xidmətlərin tariflərinin artırılacağını dəqiqləşdirməyib. O qeyd edib ki, bu məsələ Tarif Şurasının səlahiyyətlərinə aiddir.
S.Şərifov əlavə edib ki, kommunal müəssisələr – “Azərenerji”, “Azərsu” SC, “Azəriqaz” İB artıq bir neçə ildir ki, göstərdikləri xidmətlərin tariflərinin artırılması məsələsini qaldırır. “Əgər biz kommunal müəssisələrdə çalışan şəxslərin əmək haqlarının artırılması barədə danışırıqsa, o zaman başa düşməliyik ki, həmin idarələr təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərir. Deməli, onların əmək haqlarının artırılması zamanı xərclərin artması gəlirlərin artması ilə kompensasiya olunmalıdır. Gəlirlərin artım mənbələrindən biri tariflərin artırılmasıdır”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, məsələn, sonuncu dəfə Azərbaycanda elektrik enerjisi tarifləri 2007-ci ildə artırılıb.