“PAŞA Sığorta” Mərkəzi Bankın (AMB) balansında olan əsas vəsaitləri və nağd pulu sığortalayıb. Bu barədə AMB-nin elanında qeyd edilir.
“AMB-nin Tender Komissiyası sığorta şirkətlərinin təkliflərini qiymətləndirib. Nəticələrə əsasən, əsas vəsaitlərin və nağd pulun sığortalanması üzrə “PAŞA Sığorta”, nəqliyyat vasitələrinin sığortalanması üzrə “Alfa Sığorta” ASC tenderin qalibi elan edilib. Şirkətlərlə müvafiq sığorta müqavilələri bağlanılıb”, - deyə elanda bildirilir.
Tenderin şərtlərinə görə, əsas vəsaitlərin və nağd pulun sığortalanması üzrə xidmətlərin göstərilməsinə 1 noyabr 2013-cü il tarixindən başlanılmalı və müddəti 12 aydır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət 2014-cü il yanvarın 24-dən etibarən təqdim ediləcək və 12 ay müddətinə nəzərdə tutulub.
“Paşa Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti fəaliyyət göstərmək üçün lisenziyanı 2006-cı ilin iyul ayında alıb. ASC 31 sığorta növü üzrə xidmət göstərir, nizamnamə kapitalı 40 mln. manata, aktivləri 73 mln. manata bərabərdir. Şirkət əldə etdiyi sığorta haqları və həyata keçirdiyi ödənişlərin həcminə görə liderdir.
2013-cü ilin 9 ayı ərzində “PAŞA Sığorta” 42 mln. 482,236 min manat sığorta haqqı toplayıb, 19 mln. 989,521 min manat məbləğində ödəniş edib.
“Alfa Sıgorta” şirkəti fəaliyyət göstərmək üçün 1997-ci ildə lisenziya alıb. Şirkətin yeganə səhmdarı "Bank Technique” ASC-dir. Nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir. Şirkət 35-dən artıq icbari və könüllü sığorta növü üzrə xidmət göstərir.
2013-cü ilin yanvar-sentyabr aylarında “Alfa Sığorta” şirkəti 4 mln. 289,169 min manat sığorta haqqı toplayıb, 1 mln. 33,216 min manat ödəniş həyata keçirib.