“Dəmirbank” 2006-2013-cü illərdə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən 976 ipoteka krediti verib. Bu barədə AİF-in saytında dərc edilmiş məlumatda deyilir.
Fondun məlumatına görə, 2006-2013-cü illərdə Azərbaycanda 31 bank AİF-in vəsaitindən ipoteka krediti verib. Verilən ipoteka kreditlərinin sayına görə beşliyə daxildir: “Dəmirbank” (976 kredit), “Zaminbank” (948 kredit), “Xalq Bank” (914 kredit), “Bank Standard” (907 kredit) və “AGBank” (881 kredit).
Fəallığı az olan bankların beşliyinə daxildir: “Qafqaz İnkişaf Bankı” (18 kredit), “Bank Avrasiya” (18 kredit), “Azərbaycan Sənaye Bankı” (17 kredit), “Expressbank” (15 kredit) və “Rabitəbank” (15 kredit).
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2012-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 74,77 mln. manat təşkil edib.