Çərşənbə axşamı Bakının mərkəzində yük qatarının avtobusla toqquşduğu yerə Nəqliyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və Dövlət Yol Polisi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir.
Hadisə yerinə baxış zamanı müəyyən olunub ki, keçidin texniki vəziyyəti “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın tələblərinə uyğundur. Hadisənin baş verməsinə səbəb sürücünün “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə riayət etməməsi olub.
Çərşənbə axşamı yük qatarının “Daewoo” markalı avtobusla toqquşması nəticəsində qatarın qabaq hissəsi zədələnib, avtobusdakı sərnişinlərdən beşi xəsarət aldığına görə xəstəxanaya aparılıb.
İnsident nəticəsində qatarların hərəkətində fasilələrə yol verilməyib.