Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verir.
Araşdırmalar zamanı birliyin vəzifəli şəxsləri tərəfindən 2010-2013-cü illərdə İB-nin hesablaşma hesabına daxil olan pul vəsaitlərinin xərclənməsi zamanı maliyyə pozuntularına yol verilməsi, qrant müqaviləsi əsasında ayrılmış 43 min ABŞ dolları məbləğində vəsaitin təyinatı üzrə istifadə edilməyərək xarici ölkə vətəndaşının hesabına köçürülməsi, Təhsil Nazirliyi və «Azərbaycan Universiteti» MMC ilə keçirilən birgə layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilməsi, zəruri sənədlər tərtib edilmədən xidmət haqqı kimi kənar müəssisəyə 10 min 500 manat, digər müəssisəyə isə 16 min 800 manat pul vəsaitinin nağd şəkildə ödənilməsi və sair maliyyə pozuntularına yol verilməsi müəyyən olunub.