2013-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə Azərbaycanda istehsal sahəsində biznesin inam indeksi 13,6%, ticarət sahəsində 10,9% təşkil edib.
Bu barədə Mərkəzi Bankın (AMB) saytında dərc edilmiş 2013-cü ilin 9 ayı ərzində pul siyasəti icmalında deyilir.
İcmala əsasən, 2012-ci ilin 9 ayının yekunları üzrə istehsalatda biznesin inam indeksi 11,7%, ticarətdə 5,7% təşkil edib.
“Biznesin inam indeksinin artması istehsal və ticarət sahəsində satış həcmlərinin artımı ilə əlaqədardır. AMB-nin keçirdiyi monitorinq respublikada iqtisadi fəallıqla bağlı nikbin gözləntilərin olduğunu göstərir”, - deyə icmalda qeyd olunur.
AMB hər rüb real sektorun monitorinqi çərçivəsində Azərbaycanın qeyri-neft sektoru müəssisələri arasında sorğu keçirir.
“Xüsusilə tikinti materiallarının istehsalı, toxuculuq sənayesi, mebel və elektrik cihazları ticarətində müsbət tendensiyalar müşahidə olunub. Nəticədə anbarlarda məhsul qalıqlarının azalması müşahidə edilir”, - deyə icmalda vurğulanır.
2013-cü ilin yanvar-sentyabr aylarında qeyri-neft sektorunun praktiki olaraq bütün sahələrində iqtisadi artım müşahidə olunub. İctimai iaşə sahəsində artım 18,8%, ticarət sahəsində 9,6%, rabitə sahəsində 7,1%, tikinti sahəsində 30%, sosial sahədə 3,9%, aqrar sahədə 4,9%, nəqliyyat sahəsində 4,9% təşkil edib.
Yalnız sənaye sahəsi istisna təşkil edib, burada 0,1% azalma qeydə alınıb.
“Buna əsasən AMB Azərbaycanda iqtisadi fəallığın perspektivlərini nikbin qiymətləndirir. Bütövlükdə son sorğular göstərir ki, son aylar ərzində istehsal və dövriyyənin həcmini artıran müəssisələrin sayı çoxalır və bu tendensiya davamlı xarakter daşıyır”, - deyə icmalda qeyd edilir.