Tunis prezidenti Monsef Marzuki çərşənbə günü bəyan edib ki, “Facebook”da Məhəmməd peyğəmbərin karikaturalarını yerləşdirdiyinə görə 2012-ci ildə yeddi il müddətinə həbs cəzasına məhkum edilmiş gənci azad edəcək.
“Mən onun azad edilməsi haqqında sərəncam verəcəm. Sadəcə siyasi vəziyyətin sabitləşməsini gözləyirəm”, - deyə o, Fransanın “France Info” radiostansiyasına müsahibəsində bildirib.
“İndi ölkədə böyük gərginlik müşahidə olunur, terrorçuluqla mübarizə gedir. Lakin karikaturaçını azad edəcəklər. Mən sadəcə onun və ölkənin təhlükəsizliyi üçün uyğun şəraitin yaranmasını gözləyirəm”, - deyə prezident vurğulayıb.
Xəbər verildiyi kimi, ötən ilin aprel ayında Tunis sakinləri Cabir Məcri və Qazi Bəci
Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiklərinə görə yeddi il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar “mənəviyyatı və ictimai asayişi pozmaqda” ittiham olunublar. Q.Bəci ədalət mühakiməsindən qaçmağa müvəffəq olub. Bu ilin iyun ayında o, Fransada sığınacaq alıb. C.Məcri isə Tunis həbsxanasında cəza çəkir.