Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi “Parabank” ASC-nin Nizami filialında kredit mütəxəssisi vəzifəsində işləmiş Orxan Uğurluzadə barəsində 225 min manatın mənimsənilməsi faktı üzrə cinayət işi qaldırıb.
“Baş Prokurorluğa daxil olan materiallara əsasən, O.Uğurluzadə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta sənədlər əsasında ayrı-ayrı şəxslərin adına ayrılmış 225 min manatı mənimsəyib”, - deyə hüquq-mühafizə idarəsinin məlumatında bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
O.Uğurluzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Parabank” 1991-ci ildə yaradılıb. Bankın səhmdarları 2 hüquqi və 18 fiziki şəxsdir.