Ermənistan qeyri-konstruktiv siyasəti sayəsində bölgədə artıq xərçəng şişi rolunu oynamağa başlayıb. Bu ölkə öz səbatsızlığı ilə həm Şərqi, həm də Qərbi təəccübləndirməyə davam edir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
“Azərbaycan bir daha Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində siyasi iradə nümayiş etdirdi. Həmsədrlər və Azərbaycan prezidenti bir daha vurğuladılar ki, münaqişənin həllində Azərbaycan tərəfi konstruktiv mövqe ortaya qoyaraq danışıqların davam etdirilməsində və bölgədə sülhün, əmin-amanlığın yaranmasında maraqlıdır”,- deyə E.Aslanov bildirib.
E.Aslanov Ermənistanın bu məsələdə müxtəlif dövlət rəsmiləri səviyyəsində qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə təəssüfləndiyini bildirib.
“Ermənistan rəhbərliyinin uzağı görməyən siyasəti nəticəsində bu ölkə bölgədə artıq bir xərçəng şişi rolunu oynamağa başlayıb. Baxmayaraq ki, Ermənistan həm iqtisadi cəhətdən çox çətin bir vəziyyətdədir, həm də siyasi cəhətdən öz qeyri-ardıcıl siyasəti ilə həm Şərqi, həm Qərbi, həm də digər dövlətləri təəccübləndirməyə davam edir”, - deyə o vurğulayıb.
Şöbə müdiri söyləyib ki, Bakı Ermənistandan daha konstruktiv addımlar, daha konstruktiv mövqe, daha rasional yanaşma gözləyir.
“Güman edirik ki, həmsədrlərin bəyan etdiyi görüşdən sonra (dövlət başçılarının görüşü- İF-Az) Ermənistan öz acınacaqlı vəziyyətini anlayaraq bölgədə daha konstruktiv mövqe tutmağa çalışacaq",- deyə E.Aslanov vurğulayıb.