Azərbaycan özünün işğal altında olan torpaqlarını istənilən yolla azad edə bilər. Bu barədə “Müsəlman Qardaşları” təşkilatının Küveytdən olan nümayəndəsi Tarik əl-Suvaydan “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırarkən söyləyib.
“Azərbaycanın istənilən vasitələrlə torpaqlarını işğaldan azad etmək hüququ var”, - deyə T.Suvaydan bildirib. O qeyd edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, beynəlxalq birlik isə bu ölkəyə təzyiq göstərməlidir.
“Təbii ki, bu münaqişənin həllində ən münasib yol sülh danışıqlarıdır. Lakin onlar nəticə vermirsə, o zaman Azərbaycan istənilən əlçatan vasitələrlə öz torpaqlarını hətta güc tətbiq etməklə azad etmək üçün tam hüquqa malikdir”, - deyə T.Suvaydan bildirib.
“Bu, Küveyt dövlətinin deyil, “Müsəlman qardaşları” təşkilatının fikridir. Biz təcavüzə, terrora qarşıyıq. İnsanlar zülmə məruz qalırlarsa, o zaman buna qarşı çıxırıq. Eyni nöqteyi-nəzərdən biz Fələstin xalqının öz torpaqlarının işğaldan azad edilməsi istiqamətində atdığı addımları da dəstəkləyirik”, - deyə T.Suvaydan vurğulayıb.