Azərbaycan Beynəlxalq Bankın (ABB) müştəriləri “Quasar İstanbul” yaşayış kompleksində daşınmaz əmlak əldə etmək üçün "AKBANK"dan (Türkiyə) ipoteka kreditləri ala bilərlər. Bu barədə "AKBANK"ın vitse-prezidenti Doğan Yılmaz cümə axşamı Bakıda bəyan edib.
Bu gün Bakıda İstanbulun nüfuzlu rayonunda yerləşən “Quasar İstanbul” yaşayış kompleksinin təqdimatı keçirilib. Kompleks 257 mənzil, 58 ofis, 4 kafe, 17 mağaza və ümumi istifadə üçün 4,3 min kv. metr sahədən ibarətdir.
Kompleksin inşası 2015-ci ilin noyabr ayında başa çatacaq. Mənzillərin 1 kv. metrinin qiyməti $6,6 mindən başlayır.
“ABB ilə əməkdaşlıq çərçivəsində tərəfdaşlarımızın müştərilərinə “Quasar İstanbul” yaşayış kompleksində daşınmaz əmlak əldə etmələri üçün ipoteka kreditlərini rəsmiləşdirmək imkanı vermişik”, - deyə D.Yılmaz bildirib.
Onun sözlərinə görə, üç gün ərzində bu kompleksdə daşınmaz əmlak almaq üçün müqavilə imzalayan şəxslər 9%-ə qədər güzəşt əldə edə bilərlər.
“Bakıda biz müştərilərimizlə yalnız danışıqlar aparacağıq. Təfərrüatların müzakirəsi və müqavilənin bağlanması İstanbulda baş tutacaq. Biz hətta müştərilərin yol xərclərini öz üzərimizə götürməyə hazırıq”, - deyə o bildirib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.