Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Nizami Gəncəvi adına Qızıl medal” təsis edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
Medalın hər il bir Azərbaycan aliminə və bir əcnəbi tədqiqatçıya mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf və ixtiralarına, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilməsi nəzərdə tutulur.
Medal AMEA-nın ən yüksək mükafatıdır. Alimlərin “Nizami Gəncəvi adına Qızıl medal”a namizədliyini irəli sürmək hüququ AMEA-nın Rəyasət Heyəti və elmi bölmələrinə şamil edilir. Namizədlər barədə təkliflər Rəyasət Heyətinin qərarı ilə yaradılacaq Ekspert Komissiyasına ünvanlanacaq. Komissiya gizli səsvermə yolu ilə mükafata namizədi seçəcək, təltif qərarını isə Rəyasət Heyəti çıxaracaq.