Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 8-9 noyabr tarixlərində Budapeşt şəhərində səfərdə olacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında deyilir.
Səfər Macarıstanda informasiya texnologiyaları sahəsinə cavabdeh milli inkişaf naziri Zuza Nemesin dəvəti ilə həyata keçiriləcək.
Səfər çərçivəsində cari ilin may ayında bu ölkədə qurulan Avropa İttifaqının (Aİ) elm, texnologiya, rabitə, kibertəhlükəsizlik və digər sahələrdə məlumat bazalarını özündə mərkəzləşdirən Data Mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq, eyni zamanda belə bir mərkəzin ölkəmizdə yaradılması məqsədilə aparılan danışıqların davam etdirilməsi nəzərdə tutulur.
Bundan başqa, sözügedən ölkənin aparıcı İKT şirkətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.