Bakı Metropoliteni 2013-cü ilin sonuna kimi üç qatar üçün dördüncü nəsil “Oka” vaqonları alacaq. Bu barədə cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
“Bu vaqonların alınmasına dair saziş cari ilin dekabr ayında imzalanacaq. Gələn ilin yanvar-fevral aylarında onların Azərbaycana gətirilməsi nəzərdə tutulur. Vaqonlar 2014-cü ilin may ayının ilk ongünlüyündə xəttə buraxılacaq”, - deyə T.Əhmədov qeyd edib.
O vurğulayıb ki, dördüncü nəsil “Oka” vaqonları sınaqdan keçirilmək və maşinistlərin təlimi üçün bu il Azərbaycana gətirilib.
Onun sözlərinə görə, yeni vaqonlar hazırda inşa olunan “bənövşəyi” xəttdə istifadəyə veriləcək.
Xəbər verildiyi kimi, Bakı Metropoliteni 2014-cü ilin may ayında “bənövşəyi” xəttin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyalarını, 2015-2016-cı illərdə isə daha üç stansiyanı istismara verməyi planlaşdırır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten iki xətt (yaşıl və qırmızı) və 23 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər təşkil edir.
2030-cu ilə qədər metropolitenin stansiyalarının ümumi sayı 76, metro xətlərinin ümumi uzunluğu 109 km təşkil edəcək.