“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2010-cu ildə buraxdığı 50 mln. manatlıq istiqrazların dəyərini tam ödəyib. Bu barədə korporasiyanın məlumatında bildirilir.
“2010-cu ildə dövriyyəyə buraxılmış bu istiqrazların tədavül müddəti cari ilin noyabr ayının 7-də bitib. Buna görə “Akkord” emissiyanın şərtlərinə uyğun olaraq buraxdığı istiqrazların dəyərini tam ödəyib”, - deyə məlumatda qeyd olunur.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 50 min istiqraza bölünüb, gəlirlilik dərəcəsi isə illik 12,5% təşkil edib.
“İlk emissiya uğurlu olduğu üçün korporasiya gələcəkdə də borcalmanın bu üsulundan istifadə etmək niyyətindədir”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, bu həftə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 50 mln. manat məbləğində istiqrazlarının ikinci emissiya prospektini qeydiyyata alıb.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2010-cu ilin avqust ayında təsis edilib. Təsisçiləri “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC-dir. Korporasiyanın nizamnamə kapitalı 84 mln. 1,785 min manata bərabərdir. ASC müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur və yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə də məşğul olur.