Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ildə Azərbaycanda ÜDM artımını 4,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə bankın saytında dərc edilmiş noyabr ayı üçün regional makroiqtisdi proqnozlarda qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin may ayında AYİB cari il üçün Azərbaycanda ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırıb.
AYİB-in proqnozlarına əsasən, 2014-cü ildə ÜDM artımı 3,5% təşkil edəcək (may ayının proqnozu – 4%).
“Şərqi Avropa və Qafqaz ölkələrində iqtisadi artım bır sıra ölkələrdə mürəkkəb xarici mühit və qeyri-sabit daxili siyasi vəziyyətə görə məhdud olaraq qalır. Ermənistan, Belarus və Gürcüstanda inkişaf templəri xeyli azalıb, neft hasilatının stabilləşdiyi Azərbaycanda isə artır. Bundan başqa, prezident seçkiləri ərəfəsində Azərbaycanda büdcənin stimullaşdırılması siyasəti aparılıb”, - deyə bankın icmalında qeyd edilir.
AYİB-in qiymətləndirmələrinə görə, Ermənistanda ÜDM artımı 2013-cü ildə 2,5%, 2014-cü ildə 3,5%, Gürcüstanda müvafiq olaraq 2% və 4% təşkil edəcək. Bununla belə bank 2013-2014-cü illər üçün Ermənistan və Gürcüstanda iqtisadi artım proqnozlarını pisləşdirib.
Azərbaycan hökuməti 2013-cü ildə ÜDM artımını 4,5%, 2014-cü ildə 5,2% səviyyəsində proqnozlaşdırır.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda ÜDM artımını 2013-cü ildə 4%, 2014-cü ildə 4,8% səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı 2013-cü ildə Azərbaycanda ÜDM-in 4,8%, 2014-cü ildə 4,8%, 2015-ci ildə 2,9% artacağını proqnozlaşdırır.
Beynəlxalq Valyuta Fondu (BVF) 2013-cü ildə Azərbaycanda ÜDM artımını 3,5%, 2014-cü ildə 5,6% səviyyəsində proqnozlaşdırır.
2012-ci ilin yekunlarına əsasən, Azərbaycanda ÜDM 2,2% artıb.