Azərbaycan bankları 2013-cü ilin yanvar-sentyabr aylarında Bakıda müştərilərin kreditləşmə portfelini 14,4% - 12 mlrd. 789 mln. 13,5 min manata qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına əsasən, 2013-cü il oktyabrın 1-nə Bakıda borcalanlara verilən kreditlərin həcmi respublika üzrə kredit qoyuluşlarının 86,4%-ni təşkil edir.
Cari ilin oktyabr ayının əvvəlinə Bakıda borcalanların vaxtı ötmüş kreditlərinin həcmi 685 mln. 693,9 min manat və ya paytaxtda verilən bütün kreditlərin 5,4%-ni təşkil edir.
Ümumilikdə Bakıda banklar tərəfindən kreditlər illik 13,4%, respublika üzrə kreditlər illik 14,4%-lə verilir.
2013-cü il oktyabrın 1-nə banklar tərəfindən Bakı üzrə milli valyuta ilə verilən kreditlərin həcmi 8 mlrd. 984 mln. 708,2 min manat, xarici valyuta ilə verilən kreditlərin həcmi 3 mlrd. 804 mln. 305,4 min manat təşkil edib. Bununla yanaşı, milli valyuta ilə kreditlər üzrə dərəcə 13,4%, xarici valyuta ilə kreditlər üzrə 13,5% təşkil edir.
Cari ilin oktyabr ayının əvvəlinə banklar Bakıda borcalanlara ümumilikdə 2 mlrd. 914 mln. 713,1 min manat məbləğində qısamüddətli (9 ay ərzində azalma 14,4% - İF-Az), 9 mlrd. 874 mln. 300,4 min manat uzunmüddətli kredit verib (artım 27,1%). Milli valyutada uzunmüddətli kreditlər 12,7%, xarici valyutada 13,4% dərəcəsi ilə verilir.
2013-cü il oktyabrın 1-nə regionlarda bankların kreditləşmə portfeli 2 mlrd. 4 mln. 316,2 min manat (artım 29,6% - İF-Az) təşkil edir.
Regionlarda kommersiya bankları tərəfindən Abşeron iqtisadi rayonunda hüquqi və fiziki şəxslərə 422 mln. 401,3 min manat (orta illik dərəcə 18,7%), Aran iqtisadi rayonunda 703 mln. 949 min manat (20,2%), Gəncə-Qazax iqtisadi rayonunda 266 mln. 913,3 min manat (21,6%), Lənkəran iqtisadi rayonunda 211 mln. 466,1 min manat (22,9%) kredit verilib.
Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.