Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsi prezident İlham Əliyevin rəhbərliyi altında uğurla yürüdülən makroiqtisadi siyasətin davam etməsinin göstəricisidir. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov çərşənbə axşamı parlamentin gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasında bəyan edib.
“Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət ölkəmizi müasir dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib”, - deyə spiker qeyd edib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin iclasdan verdiyi xəbərə görə, O.Əsədov bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, dövlət büdcəsi 19 dəfə artaraq 20 mlrd. manatı üstələyib, bu dövr ərzində ölkə iqtisadiyyatına $150 mlrd.-dan çox investisiya qoyulub, respublikanın valyuta ehtiyatları $50 mlrd.- a yaxınlaşıb.
“Prezidentimizin bəyan etdiyi kimi, Azərbaycan heç bir zaman bu qədər güclü olmayıb. Və həqiqətən də 2014-cü ilin dövlət büdcəsi ölkənin bugünkü inkişaf səviyyəsini və sosial-iqtisadi reallıqlarını əks etdirir, Azərbaycan iqtisadiyyatının gələn il də sabit inkişafına əminlik yaradır”,- deyə O.Əsədov əlavə edib.
Parlament sədri vurğulayıb ki, mikroiqtisadi proqnozlara əsasən, bu il Azərbaycanda ÜDM 55 mlrd. manat və ya $70 mlrd. təşkil edəcək.
“Bu, ötən illərlə müqayisədə 4,5% çoxdur. 2014-cü ildə hökumət ÜDM-i 58,6 mlrd. manat və ya 75 mlrd. dollar səviyyəsində proqnozlaşdırır. Bu, əsasən bu il və gələcək illərdə 10% artımı gözlənilən qeyri-neft sektorunun sürətli inkişafı hesabına təmin olunacaq”,- deyə o qeyd edib.
Milli Məclisin spikeri deputatları 12 noyabr - Konstitusiya günü münasibəti ilə təbrik edib və 2013-cü ili əlamətdar il adlandırıb.
“Bu il Azərbaycanda prezident seçkiləri keçirildi və dövlət başçısı İlham Əliyev inamlı qələbə qazandı, bu da o deməkdir ki, ölkəmiz öz uğurlu inkişafını gələcəkdə də davam etdirəcək”, - deyə O.Əsədov vurğulayıb.