Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tezliklə irəliləyiş əldə ediləcəyinə ümid edir.
“Ümid edirəm ki, gələcək aylarda, illərdə bu məsələ ilə bağlı daha da ciddi addımlar atılacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”,- deyə İ.Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində prezident Abdulla Güllə ikitərəfli görüşün yekunlarına dair bəyanatında bildirib.
Azərbaycan prezidentinin sözlərinə görə, Ermənistanın mövqeyi imkan vermir ki, bu məsələ öz həllini tapsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin.
“Biz bu işğaldan əziyyət çəkirik. Uzun illərdir ki, bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb və bu ədalətsizliklə barışmaq mümkün deyil”,- deyə İ.Əliyev qeyd edib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tarixi ədalət, beynəlxalq hüquq diktə edir.
“Əlbəttə ki, Türkiyənin dəstəyi bizim gücümüzü daha da artırır və bu dəstəyə görə minnətdarıq”,- deyə dövlət başçısı vurğulayıb.
A.Gül isə söyləyib ki, Azərbaycanın milli məsələsi eyni zamanda Türkiyənin milli məsələsidir.
“Biz Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqlarının azad edilməsi məsələlərini müzakirə etdik. Bu məsələ də şübhəsiz ki, Türkiyə olaraq ən önəm verdiyimiz məsələlərdən biridir. İnanıram ki, gec-tez bir gün bu problem öz həllini tapacaq. Bütün bunların diplomatik yolla həllinə də şübhəsiz ki, çox önəm veririk”, - deyə Türkiyə prezidenti vurğulayıb.