Prezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edilib, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulanıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirilib. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edilib.
İ.Əliyev, həmçinin xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında digər sahələr kimi, siyasi sahədə də əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığın önəmi vurğulanıb. Ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.